Həyatda çox danışmamağı, yerində və ölçülü danışmağı bir qayda halına gətirmək lazımdır. Yoldaşlarını güldürmək məqsədilə çox danışanların təhlükəli sözlər söyləmək ehtimalı çoxdur. Ona görə də boş danışmaqdan uzaq durmaq lazımdır.
İbn Ömər (r.a) Rəsulullahın (s.ə.s) bu mövzu ilə əlaqədar belə buyurduğunu rəvayət edir:
“Allahın zikrindən başqa şeyləri çox danışmayın. Şübhəsiz, çox danışmaq qəlbi qaraldar. Allahdan da ən uzaq olanlar, qəlbləri qara olanlardır”. (Münziri, ət-Tərğib vət- Tərhib, V/440-47)
İbn Məsuddan (r.a) rəvayət edildiyinə görə, Peyğəmbər (s.ə.s) belə buyurdu və bu ifadəni üç dəfə təkrarladı:
“Sözdə və işdə incə ələyib sıx toxuyanlar (çox xırdaçılığa gedib həddi aşanlar) məhv oldular”. (Müslim, Elm, 7)
Hədisi-şərif, sözlərində və işlərində həddi aşanların, ağzına və ağlına gələn hər şeyi, əvvəl-axırını, irəli-gerisini düşünmədən və heç bir məsuliyyət hiss etmədən danışanların dillərinin cəzasını həm dünyada, həm də axirətdə çəkəcəklərinin danılmaz bir həqiqət olduğunu göstərir. Özlərini maraqlandırmayan mövzulara qoşulanlar, idrak etmədikləri məsələlərə toxunanlar, bilmədikləri mətləblərdən bəhs edənlər, sözsüz ki, başqaları qarşısında gülünc vəziyyətə düşərlər.
İnsanlara qarşı böyüklük göstərmək üçün ağızlarını dolduraraq danışan, cümləpərdazlıq edən, dinləyənlərin anlaya bilməyəcəyi söz və ya (indiki vaxtda bəzilərinin etdiyi kimi) əcnəbi terminlərlə danışanlar, “gözəl danışır” desinlər deyə canfəşanlıq göstərənlər də bu hədisin tənqid dairəsinə girərlər.
Təbii danışıq tərzini dəyişdirərək, boğazını və qırtlağını məcbur etməklə səsinə başqa şəkillər və tonlar verməyə çalışanlar və bütün bunları insanlara görk üçün edənlər də xoş görülməz, qınanarlar. İnsanlar belə kəsləri sevməz və onlar cəmiyyətdən kənarda qalarlar.
DANIŞARKƏN HƏDDİ AŞMAMAQ