• 30 Oktyabr 2024

SÖZƏ “BİSMİLLAH” İLƏ BAŞLAMAQ

Bəndə hansı işə “Bismillah” ilə başlasa, “Allahın adıyla bu işi görürəm” – demiş olar. Ona görə də hər işə “Bismilləhir-rahmənir-rahim” – deyə başlamaq müsəl­man­lığın gö­zəl ədəblərindəndir. Çünki Allah Təala Qurani-Kərimin Ələq su­rə­sinin Həz­­rət Muhammədə (s.ə.s) en­dirilən ilk ayə­sində belə buyurmuşdur:
“Yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!” (əl-Ələq, 96/1)
Bununla da bu əmr, Həzrət Muham­mə­də (s.ə.s) və şəxsində bütün mö­minlərə bildirilmişdir. Ona görə də müsəlmanlar məşru (şəriətə uyğun) olan bütün işlərinə bəsmələ ilə başlayarlar.
Bismillah, İslamın simvolu, xeyirlərin açarı, Allahın qullarına lütfüdür. Elə isə bir işə Allahın adını xatırlayaraq başlamaq lazımdır. Çünki Allah Təala Onu yada salıb zikr etməmizi istə­yərək belə buyurmuşdur:
“Rəbbinin adını zikr et və (bütün varlığınla) Ona doğru yönəl!” (əl-Müzzəmmil, 73/8)
Hər xeyirli işə “Bismillah” ilə başlan­ma­­sını tövsiyə edən Rəsulullah (s.ə.s) hə­­mişə bu mübarək kəlamdan istifadə et­miş və belə buyurmuşdur:
“Bəsmələ ilə başlanmayan hər iş(in sonu) bərəkətsiz olar”. (Müsnəd, II/259; Feyzül-Qədir, V/13; Acluni, Kəş­fül-Xəfa, II/174.)
Təfsir kitablarında, xeyirli işlərə şüurlu və ixlaslı bir ab-hava içində “Bismillah” deyərək başlama sayəsində bən­dədə üç halın təcəlli edəcəyi ifadə olunur:
* “Bismillah” insanı pisliklərdən uzaq tutar. (Çünki Allahın adını yada salaraq pis bir iş görülməz).
* Məşru bir işə “Bismillah” ilə başlayan bəndə Allahı zikr etdikcə Allahın razılığına uyğun hərəkət edər.
* Bunun sayəsində bəndə Allahın kö­mə­yinə yaxın, Şeytanın hiylələrindən uzaq olar.
Şüurlu bir müsəlman hər davranışına fikir verməli, hər bir ibadət və əmə­­linin Rəbbinin rizasına uyğun olmasına səy göstərməlidir.
Ona görə də mömin bəndə xüsusi söhbətlərinə “Bismillah” çəkməklə yanaşı, Allaha həmd edərək başlamalıdır. Çün­­ki Rəsulullah (s.ə.s) bu barədə belə bu­yur­muşdur:
“Allaha həmd ilə başlanmayan hər kə­lam nöqsandır”. (Əbu Davud, Ədəb 21)
“Allaha həmd edərək başlanmayan hər əhəmiyyətli iş bərəkətsiz olar”. (Əbu Davud, Ədəb 18. İbn Macə, Nikah 19)
Ümumən müsəlmanlar, xüsusən də din xadimləri bu hədislərə əsaslanaraq söz və söh­bətlərinə Allahın adını çəkib (Bismillah) Ona həmd-səna (Əlhəm­dü­lillah) ilə başlayarlar.
Onsuz da, Allahı zikr etmədən çox danışmaq da ürəyi sərtləşdirər. Daşürəkli olanlar isə Allahdan ən uzaq kəslərdir. (Bax: Tirmizi, Zöhd 62)

(Mənbə: Danışmaq və Dinləmək ədəbi kitabından)

Read Previous

Nafilə namazlar

Read Next

DANIŞARKƏN HƏDDİ AŞMAMAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir